Dövlət qulluğuna qəbulda yenilik gözlənilir. Bəs bu yeniliklər nədən ibarət olacaq?
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modeli sınaqdan keçiriləcək. Bundan əvvəl səriştə modelinin axırıncı versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacağı da qeyd edilib.
“Bu, çox vacib mərhələdir. Model üzrə 2 ildir işləyirik. Artıq bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik”.
Bu modelin tətbiqi nələri dəyişəcək?
DİM-dən bildirilib ki, səriştə modeli iş prosesində uğur qazanmaq üçün nümayiş etdirilməli olan səmərəli davranış və bacarıqlardan ibarət səriştələr toplusudur.
“Bu model dövlət qulluqçularının seçilməsi, inkişaf etdirilməsi və qiymətləndirilməsində istifadə üçün nəzərdə tutulub. Modelə daxil olan hər bir səriştənin müxtəlif davranış göstəriciləri var. Bu göstəricilər vasitəsilə fərdin və təşkilatın uğurlu fəaliyyəti üçün mühüm olan fərdi davranış modelləri ölçülür.
Səriştə modelinin tətbiqi ilə dövlət qulluğuna qəbul prosesində biliklərin ölçülməsinin payı azalacaq, həm test, həm də müsahibə mərhələsində təməl intellektual bacarıqlar, ümumi və funksional səriştələrin qiymətləndirilməsinə üstünlük veriləcək”.
Amma səriştə modelinin effektivliyini qiymətləndirmək üçün pilot mərhələsi həyata keçiriləcək və buna uyğun yanaşma olacaq.
Səriştə əsaslı işə qəbul sistemi, dövlət qulluğunda daha ədalətli, şəffaf və effektiv işə qəbul prosesinin təmin edilməsi məqsədini daşıyır. Bu sistemin tətbiqi, dövlət qulluğunda fəaliyyət göstərəck şəxslərin iş prosesində uğur qazanmaq üçün zəruri olan davranış və bacarıqlara malik olmasını təmin edəcək”.
Bir sözlə xeyirli olsun. Bundan sonra DİM sizi artıq söz oyunu olan suallarla yormayacaq. Çalışın hər zaman intelektual olun, üzərinizdə işləyin və ümumi mənada bilikli olun. Yoxsa nələrisə əzbərləməklə, mənası söz oyunu olan sualları öyrənməklə dövlət qulluqçusu olmaq məncə də heç kəsə xeyir gətirmir.
Dövlət qulluğu üzrə ekspert - Səxavət Nəsirov
27